İTM balıqçılıq təsərrüfatlarının iqtisadi səmərəliliyi ilə bağlı araşdırmalarını təqdim edir

İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Aqro-biznes Mərkəzi (ABM) ilə birlikdə  Azərbaycanın balıqçılıq təsərrüfatlarında vəziyyəti əks etdirən layihəni başa çatdırıb. Layihənin icrasına ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID)  maliyyə dəstəyi ilə həyata keçirilən Azərbaycanda Rəqabətlilik və Ticarət (ART) Layihəsi çərçivəsində 2011-ci ilin aprel ayından  başlanılıb. Layihə üzrə aparılmış tədqiqatın əsas vəzifəsi  Azərbaycanın balıqçılıq təsərrüfatlarının əsas  inkişaf tendensiyalarını və çətinliklərini müəyyənləşdirməklə  bu sektorun vacibliyi, imkanları, mənfəətliliyi və rəqabətliyinə dair müzakirələr aparmaqdır.
Layihə  3 başlıca fazada həyata keçirilmişdir ki, onun da birinci həlqəsini Daxili Resurs Xərcləri (DRX)  metodologiyası əsasında təhlilin aparılması təşkil edir.
Layihənin ikinci fazasına  sorğular  və digər mənbələr vasitəsilə məlumatların toplanması daxildir.  Bu faza uyğun təşkilatlardan müxtəlif məlumatların əldə edilməsini təmin etmişdir. Bununla yanaşı,  təhlilin başlıca informasiya mənbələrini  əsasən karp və qızılxallı balıq (forel) balıq növlərini  yetişdirən  Salyan-Neftçala və Şəki-Zaqatala regionlarının fermerləri və ticarətçiləri arasında  keçirilmiş sorğu materialları təşkil etmişdir.   


Sonuncu fazada  Daxili Resurs Xərci (DRX) təhlili    metodologiyası əsasında  təhlil aparılıb.  Beləliklə də tədqiqat nəticəsində aşağıdakı tapıntılar əldə olunub:
•    Maliyyə mənfəətliliyinə baxmayaraq, iqtisadi nöqteyi nəzərdən bu sektor, xüsusilə də karp təsərrüfatları  rəqabətliliyin yüksək səviyyəsini özündə əks etdirmir. Belə ki,  bu  sektorun ixrac yönümü inkişaf etməyib. Lakin tədqiqatlar göstərir ki, sektorda idarəçilik və xarici bazara yönümlü inkişaf strategiyası ilə onun   ixrac potensialını yüksəltmək mümkündür;
•    Tədqiqat nəticəsində dövlət siyasəti və  texniki  istiqamətlərdə çoxsaylı çətinliklər aşkarlanmışdır ki, bu da balıqçılıq təsərrüfatlarında nəinki istehsalın həcminə, həmçinin də istehsal olunmuş məhsulun keyfiyyətinə mənfi təsir göstərir;
•    Balıqçılıq təsərrüfatlarındakı mövcud vəziyyət hökumətin bu sektorda saglam rəqabətin dəstəklənməsi istiqamətində səylərinin artırılmasını tələb edir;
•    Hökumət balıq yeminin və onun komponentlərinin ölkəyə gətirilməsi istiqamətində mövcud baryerlərin aradan qaldırılması və bu prosesin sadələşdirilməsi yolu ilə balıqçılıq sektorunda daha yaxçı nəticələrin əldə olunmasına nail ola bilər;
•    Forel istehsalı sahəsində nəticələr göstərmişdir ki,  bu sahədə daha yaxşı idarəçilik və balıq yeminin səmərəliliyinin yüksəldilməsinə investisiya qoyulması  yolu ilə əhəmiyyətli dərəcədə mənfəət əldə edilə bilər;
•    Ölkədə kiçik ölçülü balıq istehsalı imkanlarının öyrənilməsinə ehtiyac var;
•    Balıq məhsullarının daşınması və onun soyuducularda saxlanılması ilə əlaqədar olan xərclərin aşağı salınması imkanları yüksəkdir.

Əlavə suallarla bağlı layihənin tədqiqat qrupunun üzvü Vahid Məhərrəmovla (012) 465 1841 saylı telefonla əlaqə saxlamaq lazımdır.