Fevral ayı üzrə inflyasiya göstəriciləri açıqlanıb

İqtisadi Tədqiqatlar Mərkəzi(İTM) Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə Azərbaycanın 10 regionunda 2012-ci ilin fevral ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini təqdim edir. Aparılmış statistik müşahidələrin nəticələrinə görə, cari ilin ikçinci ayı ərzində Azərbaycanda istehlak qiymətləri 0,31  faiz artıb. Bu zaman ərzaq məhsulları 0,43 faiz bahalaşıb, qeyri-ərzaq məhsulları 0,17 faiz ucuzlaşıb, xidmət tarifləri isə 0,59  faiz artıb.
İlin birinci ayına nisbətdə fevral ayı ərzində  paytaxt  və  regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsinə gəlincə, Bakıda qiymətlər  0,40 faiz, regionlarda 0,22 faiz artıb. O cümlədən  ərzaq məhsulları Bakıda 0,53 faiz, regionlarda 0,32 faiz bahalaşıb, qeyri-ərzaq məhsulları Bakıda 0,22 faiz, regionlarda isə 0,13 faiz ucuzlaşıb.  Xidmətlərin dəyəri ay ərzində Bakıda 0,82 faiz, regionlarda 0,37 faiz artıb. Ay ərzində ən çox qoz  (9,64 faiz),  sümüklü qoyun əti (5,85 faiz), şabalıd (7,06 faiz) bahalaşıb. Ucuzlaşma isə kişi üçün dəri gödəkcələrdə (4,96 faiz),  qarabaşaq yarması (4,47 faiz), toyuq yumurtası (4,43 faiz) və digər məhsullarda qeydə alınıb.

2012-ci ilin iki ayında Azərbaycanda istehlak qiymətləri  0,57 faiz, o cümlədən ərzaq məhsulları 1,24 faiz artıb. Qeyd olunan dövrdə qeyri-ərzaq məhsullarının qiyməti 1,04 faiz azalıb, xidmətlər isə 0,83 faiz artıb. İki ayda Bakıda 0,86 faiz, regionlarda isə 0,28 faiz inflyasiya qeydə alınıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə (12 ayda) ölkədə  8,23 faiz bahalaşma qeydə alınıb. Bu zaman Bakıda qiymətlər 11,20 faiz, regionlarda isə 5,31 faiz artıb. Qeyd olunan dövrdə ən yüksək inflyasiya yenə ərzaq məhsullarında(13,11 faiz) olub. Qeyri-ərzaq məhsullarında artım 1,02 faiz, xidmətlərdə isə 5,05 faiz təşkil edib.
İTM ekspertləri eyni zamanda 10 regionda qeydə alınan qiymətlər və  Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında fevral  ayı üzrə  minimum istehlak səbətinin dəyərini də hesablayıblar. Həmin hesablamalara əsasən,  ay ərzində Azərbaycanda əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 170,14 manat, pensiyaçılar üçün 153,62  manat, 0-14 yaşlı uşaqlar üçünsə 212,31 manat təşkil edib. Ötən ay əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 106,01 manat, pensiyaçılar 95,65  manat, 0-14 yaşlı uşaqların valideynləri isə 120,97 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 38,65 manat, pensiyaçılar üçün 35,36  manat, 0-14 yaşlı uşaqlar üçün 73,61 manat, xidmət xərcləri isə müvafiq olaraq  25,48 manat, 22,61 manat və 17,73 manat təşkil edib.

Xatırladaq ki, “Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında”  Qanun əsasında ölkədə 2012-ci il üçün yaşayış minimumu 108 manat, əmək qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçün 87 manat məbləğində müəyyən edilib.”

İTM İctimaiyyətlə əlaqələr departamenti