Rəqabətli bazar əlverişli sahibkarlıq mühitinin təməl şərtidir

 

İQTİSADÇI EKSPERT QALİB TOĞRUL: “MİLLİ BİZNESİN RƏQABƏTLİLİYİNİN TƏMİN EDİLMƏSİ STRATEJİ YOL XƏRİTƏLƏRİNDƏ QOYULMUŞ ƏSAS HƏDƏFLƏRDƏN BİRİDİR” 

 

Ölkəmizdə dövlət antiinhisar siyasətinin təkmilləşdirilməsi, haqsız rəqabətin qarşısının alınması, müxtəlif əmtəə və xidmət bazarlarına girişin asanlaşdırılması, hökmran vəziyyətdə olan sahibkarlıq subyektlərinin bu vəziyyətdən sui-istifadə hallarının qarşısının alınması mexanizmlərinin formalaşdırılması məqsədilə 2014-cü ildən başlayaraq hökumət səviyyəsində əhəmiyyətli addımlar atılıb, eyni zamanda, müxtəlif səviyyəli normativ-hüquqi aktlarda, tədbirlər planında və satrateji sənədlərdə növbəti illərdə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlərin icrası planlaşdırılıb.

1 yanvar 2016-cı ildən başlayaraq gömrükdə (xüsusilə, idxalda) inhisarçılığın ləğv olunması ölkəyə müxtəlif təyinatlı məhsulların idxalı prosesinin asanlaşdırılmasına, gömrükdə şəffaflığın yüksəldilməsinə və gömrük prosedurlarının elektronlaşması işinin təkmilləşdirilməsinə imkan verdi. Analoji tədbirlərin daxili bazarda həyata keçirilməsi, rəqabəti məhdudlaşdıran amillərin aradan qaldırılması post-neft dövrü Azərbaycan iqtisadiyyatının əsas prioritetlərindən biri kimi müəyyənləşdirilib.

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Qalib Toğrul Beynәlxalq Özәl Sahibkarlıq Mәrkәzinin (CİPE) dәstәklәdiyi tәdqiqat çәrçivәsindә ölkədə dövlət antiinhisar siyasətinin təkmilləşdirilməsi ilə bağlı konkret nəticələrə gəlib. Ekspertin fikrincə, rəsmi şəkildə aşağı neft gəlirləri dövrü kimi xarakterizə olunan indiki şəraitdə münbit sahibkarlıq mühitinin formalaşdırılmasının əsas şərtlərindən biri ölkə iqtisadiyyatının inhisarlaşma səviyyəsini azaltmaqdır. 

Xüsusilə, iki vacib istiqamətdə - qanunvericiliyin təkmilləşdirilməsi  və dövlət antiinhisar siyasətinin həyata keçirən qurumun müstəqilliyinin təmin edilməsi - təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinin vacib olduğunu deyən Q.Toğrul bunun üçün Azərbaycan Respublikasının Prezidenti səviyyəsində müvafiq göstərişlərin verildiyini də xatırladıb: “Hazırkı normativ-hüquqi aktlar ötən əsrin sonununcu onilliyinin əvvəllərində qəbul edildiyindən müasir tələblər və standartlar səviyyəsində antiinhisar siyasətinin həyata keçirilməsinə imkan vermir. Hələ 2007-ci ildə mövcud rəqabət və antinhisar qanunvericiliklərini əvəz etməsi planlaşdırılan “Rəqabət Məcəlləsi” ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim olunmuşdu. O zaman rəqabət hüququ sahəsində ixtisaslaşmış müxtəlif beynəlxaq və yerli ekspertlər sənədin təkmilləşdirilməsi prosesinə cəlb olunmuşdular. Məcəllənin layihəsi parlamentdə iki oxunuşdan keçsə də, qəbul olunmadı”.

On il öncə ölkəmizdə rəqabət hüququ sahəsində təcrübəyə malik kifayət qədər mütəxəssisin olmaması fikrilə razılaşan ekspert hesab edir ki, artıq həmin Məcəllə layihəsinin yenidən hazırlanmasına ehtiyac var: “Ölkə Prezidentinin tapşırığı ilə hazırlanan "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə Rəqabət Məcəlləsinin yaxın perspektivdə qəbul olunması bir vəzifə kimi müəyyənləşdirilib. Həmin sənəddə maliyyə sektoru və real sektor arasında tarazlıq nöqtəsinin müəyyən edilməsi probleminin həllinin Azərbaycanda rəqabət mühitinin daha da təkmilləşdirilməsi yolu ilə mümkün olduğu vurğulanır. Bundan əlavə, ölkə rəhbərinin imzaladığı digər sənədlərdə - Azərbaycanda Açıq Hökumətin Təşviqi ilə bağlı 2016-2018-ci illəri əhatə edən Milli Fəaliyyət Planında və “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamın həyata keçirilməsinə dair Tədbirlər Planı”nda - Məcəllənin yaxın iki ildə qəbul olunması prioritet vəzifə kimi müəyyənləşdirilib”.

Məcəllədə hökmran mövqe anlayışının təyin edilməsi üçün bazar payından əlavə meyarların müəyyənləşdirilməsi, hökmran mövqedən sui-istifadə hallarının konkretləşdirilməsi, müxtəlif bazarlar üçün (maliyyə, lizinq, qiymətli kağızlar və sair) konkret bazar payının müəyyənləşdirilməsi, son dövlər qlobal iqtisadi problemə çevrilən kartel sövdələmələrinin qarşısının alınması üçün konkret mexanizmlərin yaradılmasına imkan verən hüquqi normaların yaradılması, rəqabət siyasətini həyata keçirən dövlət qurumunun səlahiyyətlərinin dəqiq sərhədlərinin və müstəqilliyinin təmin olunması vacibliyini qeyd edən ekspert artıq ölkəmizin bu sahədə geniş islahatlara getməsini vacib sayır.

Ekspertin sözlərinə görə, rəqabətin qorunması artıq milli məsələ olmaqdan çıxaraq qloballaşıb. İstənilən beynəlxalq iqtisadi platformaların və qurumların sənədlərində böyük şirkətlərin inhisarlaşma cəhdlərinə qarşı hüquqi normalar və konkret mexanizmlər mövcuddur: “Ona görə də rəqabət qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması hələ məsələnin hamısı demək deyil. Qanunvericilikdə təsbit olunan hüquqi normalara uyğun olaraq daxili bazarda rəqabət mühitini təmin etməyə qadir olan milli rəqabət orqanının yaradılması ilə bu dairə uğurla qapanır. Bir başqa sözlə desək, qanunvericiliklə yanaşı, onun tətbiqi də mühüm əhəmiyyət kəsb edir. Xüsusilə, Dünya Ticarət Təşkilatına qəbul ərəfəsində bu kimi vacib məsələlərin həll olunması üzvlükdən sonrakı dövrdə milli şrikətlərin mövqelərini yaxşılaşdıra, ölkəmizin reytinqini yüksəldə bilər”.

Ekspert əlavə edib ki, milli rəqabət qurumunun, eyni zamanda, rəqabət qanunvericiliyinin pozulması hallarında işə baxılması məqsədilə yaradılan xüsusi komissiyanın müstəqilliyinin təmin edilməsi məsələsi indi on il əvvəkindən fərqli olaraq daha realdır: “Çünki yeni iqtisadi siyasətin uğuru məhz daxili bazarda rəqabət mühitinin təmini, bazara girişlərin asanlaşdırılması sahəsində maneələrin aradan qaldırılması ilə birbaşa bağlıdır. Biz məhz bu islahatları həyata keçirməklə biznes mühitinin əlverişliliyini artıra bilərik. Strateji yol xəritələtində hədəf kimi müəyyənləşdirilən rəqabətədavamlı milli iqtisadiyyatın formalaşdırılması biznesin rəqabətliliyinin təmin edilməsindən keçir”.