Gəncənin vətəndaş cəmiyyəti nümayəndələri ilə Hesablama Palatasının fəaliyyəti müzakirə olunub

Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım (SBİİYF) Fondunun Avropa İttifaqının Bakı nümayəndəliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “İctimai maliyyə vəsaitlərinə səmərəli nəzarət” layihəsi çərçivəsində İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) ekspertləri 27 may 2014-cü il tarixində Gəncədə “İctimai Maliyyənin idarəedilməsi və ictimai iştirakçılıq" mövzusunda seminar keçirib. Seminarda yerli vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak ediblər.

Tədbiri SBİİYF-in prezidenti Sabit Bağırov açaraq layihə çərçivəsində görülən işlər və tərəfdaşlar barədə ətraflı məlumat verib. Hesablama Palatası ilə bağlı bir neçə oxşar ölkənin təcrübəsinin öyrənildiyini diqqətə çatdıran Sabit Bağırovun sözlərinə görə, Türkiyə təcrübəsini öyrənmək məqsədi ilə bu ölkənin Sayıştay adlanan qurumunda çox faydalı görüşlər keçirilib.
Fond prezidenti Azərbaycanın Hesablama Palatası ilə əməkdaşlıq şəraitində çalışdıqlarını və birlikdə Bakıda böyük bir konfrans keçirdiklərini bildirib: “Layihə çərçivəsində sonuncu olacaq növbəti konfransı iyun ayının əvvəllərində keçirməyi planlaşdırırıq. Bu, çox maraqlı bir tədbir olacaq. Həmin tədbirdə layihənin nəticələri açılanacaq və təkliflər təqdim olunacaq”.
Daha sonra İTM ekspertləri büdcə prosesi, ictimai maliyyə və dövlət vəsaitlərinə səmərəli nəzarət mexanizmləri barədə təqdimatlarla çıxış ediblər. İTM eksperti Qalib Toğrul Azərbaycandakı mövcud büdcə tərtibi və icrası mərhələləri və ictimai vəsaitlərə nəzarəti həyata keçirən Hesablama Palatasının funksiyaları, vəzifələri, fəaliyyəti və bu prosesləri tənzimləyən qanunvericlik bazası barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Xarici təcrübədən paralellər gətirən ekspertin sözlərinə görə, Azərbaycanda ictiami vəsaitlərə nəzarət mexanizminin təkmilləşdirilməsinə ehtiyac var: “Təklif edirik ki, Hesablama palatasının, onun auiditorlarının müstəqilliyi inkişaf etmiş ölkələrdə olduğu kimi konstitusiyada təsbit olunsun, Palatanın səlahiyyətləri genişləndirilsin”.
Sonra ekspert hazırladıqları təkliflər üzərində bənd-bənd dayanaraq tövsiyələrin həyata keçirilməsindən sonra Hesablama Palatasının işininin səmərəliliyinin necə yüksələcəyindən danışıb.
Ekspertlər tərəfindən tədbir iştirakçılarının rəy və təklifləri dinlənilib, verilən suallar cavablandırılıb. Tədbir qarşlıqlı ünsiyyət və müzakirə şəraitində davam etdirilib.
Qeyd edək ki, analoji konfranslar may ayının 19-da Qubanın, 21-də isə Lənkərannın vətəndaş cəmiyyəti nümayəndələri üçün təşkil olunub. Bu silsilədən növbəti tədbirin Naxçıvan Muxtar Respublikasında keçirilməsi planlaşdırılır.