ITM may ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini açıqladı

İqtisadi Tədqiqatlar Mərkəzi(İTM) Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə Azərbaycanın 10 regionunda 2012-ci ilin may ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini təqdim edir. Aparılmış statistik müşahidələrin nəticələrinə görə, may ayında Azərbaycanda mövsümi amillərin təsiri nəticəsində deflyasiya qeydə alınıb. Belə ki, ötən ay ölkədə istehlak qiymətləri 0,56 faiz azalıb. Bu azalma əvvəlki ayda olduğu kimi, ərzaq məhsullarının ucuzlaşması hesabına baş verib: ay ərzində ərzaq məhsulları 1,19 faiz ucuzlaşıb, qeyri-ərzaq məhsulları 0,17 faiz, xidmət tarifləri isə 0,20 faiz artıb.

Aprel ayına nisbətdə may ayı ərzində paytaxt və regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsinə gəlincə, Bakıda qiymətlər 0,29 faiz , regionlarda isə 0,82 faiz ucuzlaşıb. Bu zaman ərzaq məhsulları Bakıda 0,78 faiz, regionlarda 1,58 faiz ucuzlaşıb, qeyri-ərzaq məhsulları isə əksinə, Bakıda 0,23 faiz, regionlarda isə 0,12 faiz bahalaşıb. Xidmətlərin dəyəri Bakıda 0,36 faiz, regionlarda isə 0,04 faiz artıb. Ay ərzində ən çox badımcan(36,00 faiz), göy lobya (30,88 faiz), ərik (17,51faiz) və çiyələk (15,67 faiz) ucuzlaşıb. Bahalaşma isə kök (9,79 faiz), baş soğan (9,78 faiz), uşaq üçün maykalar, futbolkalar(9,23 faiz) və digər məhsullarda qeydə alınıb.

Hesablamalar göstərib ki, 2012-ci ilin beş ayında ölkədə 0,40 faiz, o cümlədən Bakıda 1,49 faiz inflyasiya, regionlarda isə 0,67 faiz deflyasiya qeydə alınıb. Bu zaman ərzaq məhsulları 0,66 faiz, xidmətlər 1,49 faiz bahalaşıb, qeyri-ərzaq məhsulları isə 0,99 faiz ucuzlaşıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə (12 ayda) ölkədə 6,79 faiz bahalaşma qeydə alınıb. Bu zaman Bakıda qiymətlər 10,00 faiz, regionlarda isə 3,63 faiz artıb. Qeyd olunan dövrdə ən yüksək inflyasiya həmişəki kimi ərzaq məhsullarında(10,69 faiz) olub. Qeyri-ərzaq məhsullarında artım 0,55 faiz, xidmətlərdə isə 4,81 faiz təşkil edib.

İTM ekspertləri eyni zamanda 10 regionda qeydə alınan qiymətlər və Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında may ayı üzrə minimum istehlak səbətinin dəyərini də hesablayıblar. Həmin hesablamalara əsasən, ay ərzində Azərbaycanda əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 168,16 manat, pensiyaçılar üçün 150,27 manat, 0-14 yaşlı uşaqlar üçünsə 208,55 manat təşkil edib. Ötən ay əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 104,02 manat, pensiyaçılar 92,20 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 117,29 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 38,66 manat, pensiyaçılar üçün 35,46 manat, 0-14 yaşlı uşaqlar üçün 73,53 manat, xidmət xərcləri isə müvafiq olaraq 25,48 manat, 22,61 manat və 17,73 manat təşkil edib.

Xatırladaq ki, “Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında” Qanun əsasında ölkədə 2012-ci il üçün yaşayış minimumu 108 manat, əmək qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçün 87 manat məbləğində müəyyən edilib.”