İqtisadi Tədqiqatlar Mərkəzi ABŞ-ın İqtisadi Təhsil üzrə Milli Şurasının maliyyə dəstəyi ilə Gəncə şəhərində orta məktəblərin iqtisadiyyat müəllimləri üçün “İqtisadiyyatın tədrisinin aktiv metodları” mövzusunda təlim təşkil edib. Təlimdə Gəncə şəhərinin bütün ümumtəhsil məktəblərini təmsil edən 35 nəfərə yaxın dinləyici iştirak edib.
Təhsil Nazirliyinin, Gəncə Şəhər Təhsil Şöbəsinin və Metodiki Mərkəzin təşkilati dəstəyi ilə keçirilən təlimin əsas məqsədi isə orta məktəblərdə iqtisadiyyat fənnini tədris edən müəllimlərin pedaqoji ustalığını artırmaq, onları iqtisadiyyatın məzmunu, bu sahədəki yeni meyllər, tendensiyalar və anlayışlarla bağlı məlumatlandırmaqdır. Tədbirdə təlimçi statusunda ABŞ-ın İqtisadi Təhsil üzrə Milli Şurasının sertifikatına layiq görülmüş, Xəzər Universiteti nəzdində İqtisadi və Biznes Təhsili və Araşdırmaları Mərkəzinin direktoru professor Fuad Rəsulov və İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Qubad İbadoğlu çıxış ediblər. Təlim zamanı iştirakçılar iqtisadiyyatın tədrisinin aktiv metodları ilə yaxından tanış olmuş, xüsusilə də modelləşdirmə və işgüzar oyunların təşkili sahəsində praktiki məşğələlər keçmişlər. Təlimin sonunda onu müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar verilib.