İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanın şimal bölgəsinin 10 bələdiyyəsində strateji planlaşdırma, büdcə tərtibi və maliyyə idarəçiliyində şəffaflığı və hesabatlılığı yaxşılaşdırmaq” layihəsi çərçivəsində 2012-ci ilin iyul ayında Xaçmaz rayonunun 5 tərəfdaş bələdiyyəsində ictimai dinləmə keçirilib. İyulun 31-də Ləcət Bələdiyyəsində, avqustun 4-də Qımılqışlaq Bələdiyyəsində , avqustun 8-də Aşağı Zeyid Bələdiyyəsində, avqustun 10-da Pirquluoba Bələdiyyəsində, Avqustun 13-də isə Gödəkli Bələdiyyəsində yerli sakinlərin iştirakı ilə 2011-ci ilin büdcəsi geniş müzakirə olunub. İctimai dinləmələrdə bələdiyyə sədrləri 2011-ci ilin büdcəsi ilə bağlı ətraflı məlumat verib, büdcənin hər bir gəlir və xərc istiqaməti üzrə proqnozun neçə faiz yerinə yetirlməsi barədə danışıblar. Bələdiyyə sədrləri kənd sakinlərini, icma rəhbərlərini vergilərin ödənməsi ilə bağlı fəal olmağa çağırıb, İqtisadi Tədqiqatlar Mərkəzinə göstərdiyi metodiki və institusional dəstəyə görə təşəkkürlərini bildiriblər.