Azərbaycanın pambıq tarlalarında insan hüquqlarının vəziyyətinə dair Monitorinq Hesabatında Azərbaycanda pambıq istehsalının mövcud inkişaf mexanizmi, pambıqçılıq sahəsində dövlət siyasəti qısa şəkildə nəzərdən keçirilmişdir. Sənəddə pambıq tarlalarında insan hüquqlarının vəziyyəti 1 oktyabr - 31 dekabr 2019-cu il aralığında pambıqçılıq üzrə ixtisalaşmış 7 rayonda (Salyan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Beyləqan və Füzuli) toplanmış faktlar və məlumatlar – pambıq yığımı dövründə yerlərdən alınmış səhih məlumatlar, çəkilmiş video görüntülər, foto faktlar, fermerlər və pambıq yığanlar arasında aparılmış sorğunun nəticələri, adı çəkilən rayonlarda həyata keçirilmiş monitorinq və müşahidələr – əsasında qiymətləndirilmişdir.
Qeyd edək ki, bu, pambıq tarlalarında insan hüquqlarının vəziyyətinin əhatə olunduğu ardıcıl ikinci hesabatdır. İlk belə hesabat 2019-cu ildə hazırlanıb və 1 oktyabr 2018-31 yanvar 2019-cu il pambıq yığımı mövsümünü əhatə edib. Son hesabatda əldə olunan nəticələr əvvəlki hesabatın nəticələri ilə müqayisəli şəkildə nəzərdən keçirilərək təqdim olunur.